ABŞ Konstitusiyasında əsaslandırılan qanunverici hakimiyyət haqqında aşağıdakıları göstərmək vacibdir. Əvvəla, ABŞ-də qanunverici hakimiyyəti ABŞ-nin Konqresi və ştatların qanunverici yığıncaqları həyata keçirir. ABŞ-nin Konqresi 2 palatadan ibarətdir: Senat və Nümayəndələr Palatası
Nümayəndələr Palatasının üzvlərinin sayı 1913-cü ildə verilmiş qanunla müəyyənləşib və hələ də dəyişməz qalır ki, onların sayı 435 nəfərdən ibarətdir. İndiki dövrdə palatanın hər bir üzvü 500 min seçicinin təmsil edir, hər 10 ildən bir əhalinin siyahıya alınmasının nəticəsi ilə Nümayəndələr Palatasında yerlər ştatlar arasında bölüşdürülür.
Nümayəndələr Palatasının üzvləri 2 il müddətinə seçilirlər və seçkilərdən sonrakı ilin yanvarından onların səlahiyyət müddəti hesablanır. Öz növbəsində hər 2 ildən bir Nümayəndələr Palatasının heyəti yeniləşdirilir, bu fasilə ilə hər çağırışın –bütün Konqresin müddəti ölçülür.
Hər bir ştatda əhali Senata senatorları seçirlər, hər bir ştat Senatda 2 nümayəndə ilə təmsil olunub. Senatın tərkibinə 100 senator daxildir, hər bir senator öz ştatında 6 illiyə seçilir. Onun senatorluq müddəti seçkilərdən sonrakı ilin yanvarından hesablanır. Nümayəndələr Palatasından fərqli olaraq hər iki ildən bir senatorların 1/3 hissəsi yenidən seçilməlidir. Bu isə palatanın sabitliyini təmin edir və onun fəaliyyətinə müsbət təsir göstərir, həm də bir ənənə kimi Senat Nümayəndələr Palatasından üstün vəziyyətə malikdir.
Konqresin tərkibi və səlahiyyətləri
ABŞ-nin Konqresində əhalinin burjua hissəsi təmsil olunmuşdur. Heyətində bir nəfər belə sənaye və kənd təsərrüfatı fəhləsi yoxdur. Onların mənafeyini müdafiə edən siyasi fraksiyalar da yoxdur. Hər iki palatada hüquqşünaslar mütləq çoxluq təşkil edirlər. (Nümayəndələr Palatasında – 184, Senatda – 62). Bu kateqoriyaya təkcə hüquqi praktika ilə məşğul olanlar yox, həm də böyük hüquq firmalarının sahibləri və hüquq təhsili alıb bizneslə məşğul olanlar da daxildir. Konqresin üzvləri arasında seçilənə qədər federal və yerli səviyyədə rəsmi vəzifə tutanlar, keçmiş hakimlər, jurnalistlər də çoxluq təçkil edir.
Konqresin Nümayəndələr Palatasının 37%-ni (162 nəfər), Senatin isə 33%-ni (33 nəfər) bankirlər, sahibkarlar və iri aqro-biznesmenlər təşkil edir. ABŞ-nin zənci əhalisi indi ümumi əhalinin 12%-ni təşikl edir. Nümayəndələr Palatasında indi onların 23 konqresmeni var. Senatda isə bir nümayəndəsi də yoxdur. Qadınlar seçicilərin əksəriyyətini təşkil etsələr də, onların Nümayəndələr Palatasında 23, Senatda isə 2 nümayəndəsi var.
Konqresin konstitusiya səlahiyyətləri xeyli genişdir. Onların arasında ən əsas yeri maliyyə sahəsinə baxmaq tutur. Bu ABŞ-nin "pul kisəsi hakimiyyəti" adlanır.
Konqres ölkənin bütün ərazisi üçün vahid vergini, rüsumları, aksiz rüsumlarını müəyyən edir, federal büdcəni müəyyənləşdirir, dövlət səhmlərindən başqa bütün sahələrə ianələr ayırır, kreditə pul verir. Konqres həm də ABŞ-nin adından borcları ödəyir, xarici ticarəti və ştatlar arasında ticarəti tənzimləyir."Pul kisəsi hakimiyyəti" Konqresə imkan verir ki, ölkənin iqtisadiyyatına, daxili və xarici siyasətinə, hərbi siyasətinə təsir etsin. Konqres prezidentə bu və digər məqsədlər üçün ianələr ayırmasına təsir edir, hökumət müəssisələrinin və idarələrinin fəaliyyətini də Konqres yoxlayır. Konqres həm də büdcə ianələrinin xərclənmələrini də yoxlayır. Bu funksyaları Konqresin xüsusi komitələri yerinə yetirir.
Konqres müharibə elan etmək, silahlı qüvvələri formalaşdırmaq və onların saxlanması üçün pul ayırmaq hüququna malikdir. Konqres həm də quru və dəniz qüvvələrinin idarə edilməsi üçün hüquq vermək səlahiyyətinə malıikdir. Bu səlahiyyətlərlə Konqres hərbi büdcənin formalaşdırılmasına və silahlı qüvvələrin orqanlarına təsir edir. Konqresin müharibə elan etmək hüququ onunla məhdudlaşır ki, prezident ordu və donanmanın ali baş komandanıdır. Buna görə silahlı qüvvələrdən istifadə edilməsi prezident hakimiyyətinə məxsusdur.
Elə səlahiyyətlər var ki, hər iki palata bir yerdə icra edir, elələri də var ki, palatalardan biri icra edir. Konstitusiyaya görə, dövlət gəlirləri haqqında bütün qanun layihələri Nümayəndələr Palatasından irəli sürülməlidir, Senat ancaq bu layihələrə düzəlişlər təklif edə bilər və layihələrin müzakirəsində iştirak edə bilər. Bu hüquq Nümayəndələr Palatasına maliyyə məsələlərinə baxarkən müəyyən üstünlüklər verir. Nümayəndələr Palatasının hüququ var ki, seçkilər vaxtı prezidentliyə namizədlərdən heç biri seçicilərin səsinin yarısı ilə seçilməyibsə, ABŞ-nin prezidentini seçsin. (ABŞ tarixində Nümayəndələr Palatası bu hüququndan 2 dəfə istifadə edib: 1801 və 1825-ci illərdə).
ABŞ-nin müqavilələr formasında beynəlxalq öhdəliklər götürməsində və dövlət aparatında yüksək vəzifələrə təyinatda iştirak etmək Senatın mühüm səlahiyyətlərindəndir. Prezident beynəlxalq müqavilələri Senatda iştirak edən senatorların 1/2 –nin təsdiqi olandan sonra imzalaya bilər. Bu "Senatın məsləhəti və razılığı" formasında olur. Senat müqaviləni tam olaraq qəbul da edə bilər, etməyə də bilər, onu düzəlişlərlə və əlavələrlə qəbul da edə bilər.
Beynəlxalq razılaşmalrın "icraedici razılaşma" adlanan forması da var. O, prezident və ya icraedici hakimiyyətin başqa orqanları tərəfindən xarici hökumətlərin nümayəndələri ilə bağlanır və Senatın səlahiyyətinə daxil deyil. Bu razılaşma Konqresə informasiya formasında təqdim edilir, ya da onun bağlanmasından sonra hər 2 palatanın səs çoxluğu ilə qəbul edilir.
Hökumətin rəsmi şəxslərinin təyinatına Senat nəzarət edir. Senat bu təyinatları təsdiq edir: 1) Hökumətin idarə rəhbəri; 2) Diplomatik nümayəndələr; 3) Ali Məhkəmənin üzvləri; 4) Federal məhkəmənin üzvləri; 5) Silahlı qüvvələrin və sərhəd xidmətinin ali rütbəli şəxslərinin irəli çəkilmələri və yerdəyişmələri.
Senat nadir hallarda prezidentin yüksək hökumət vəzifələrinə təyinatı ilə mübahisə edir. Ancaq Ali Məhkəmənin üzvlüyünə namizədlərin təsdiq olunmaması tez-tez olur. Ağ evin aparatında olan vəzifələrə təyinatlar, Senat tərəfindən təsdiq edilmir. Əgər vitse-prezident seçkilər vaxtı seçilmirsə, Senat onu seçir.
Konstitusiyaya görə, Konqres vəzifəli şəxsləri, o cümlədən prezidenti və vitse-prezidenti, əgər onlar satqınlıqda günahkar biliniblərsə, rüşvət almaq və s. əməllər ediblərsə, onları impiçment qaydasına görə vəzifələrindən kənar edə bilər. Bu məsələdə palataların səlahiyyətləri bölünür. Təkcə Nümayəndələr Palatası impiçment qaydasında istintaq qrupu yarada bilər. Senat isə bu halda məhkəmə rolunu həyata keçirə bilər. Əgər məsuliyyətə cəlb edilən şəxs təqsirli bilinirsə, Senat onun haqqında yeganə cəza tədbiri – vəzifədən kənaretməni tətbiq edir.
Konqres ABŞ vətəndaşlığının verilməsi, iflas olma, patent və müəlliflik hüququ haqqında qanunlar qəbul edə bilər. Federal məhkəmələr və poçt xidmətləri təsis edə bilər. Konqres pul emissiyası və müəyyənedilən qaydada onun saxtalaşdırılması üstündə cəzalandırma tətbiq edə bilər.
Qanunverici təkliflərinin formaları
və Konqresdən keçirilməsi
Konqresdə qanunverici təklifin 4 forması var: 1) qanun layihəsi; 2) birgə qətnamə; 3) üst-üstə düşən qətnamə; 4) sadə qətnamə.
Qanun layihəsi o zaman qanun qüvvəsinə minir ki, hər iki palatada qəbul edilir və prezident tərəfindən imzalanır. Birgə qətnamə də eyni prosedura yolu ilə keçir. Buna görə qanun layihəsi ilə birgə qətnamə arasında prinsipial fərq yoxdur. Qanun layihəsi və birgə qətnamə sadə səs çoxluğu ilə qəbul edilir. Bu hal konstitusiyada dəyişiklik üçün qəbul edilirsə, 2/3 səslə qəbul edilməlidir.
Üst-üstə düşən qətnamə hər 2 palata tərəfindən qəbul edilir, prezident isə onu imzalamır və o qanun qüvvəsinə çıxmır. Bu qətnaməni qəbul etməklə Konqres öz mövqeyini bildirir. Konqresin büdcə qətnaməsi də formasına görə üst-üstə düşən qətnamə hesab edilir.
Sadə qətnaməni palatalardan biri qəbul edir. Qanun qüvvəsi yoxdur və o qərarın qəbuluna xidmət edir ki, hansının ki, fəaliyyəti həmin palataya şamil edilir və ya onun mövqeyini bildirməyə xidmət edir.
Qanunverici təşəbbüs hüququ Konqresin hər bir üzvünə məxsusdur. Konqresdə qanun layihəsinin təklif etmə yolu çox mürəkkəbdir. Qanun layihəsi hər bir palataya göndərilir. Onun mətnindən asılı olaraq palatalar onun bir və ya bir neçə daimi komitələrə göndərir. Daimi komitələr isə təklifi özlərinin alt-komitələrinə göndərirlər. Adətən komitələrdən məruzə almamış palatalardan heç biri qanun layihəsinin baxılmasına başlamır. Bu məruzələr bu layihənin komitədə müzakirəsinin yekunu və tövsiyələrini əks etdirir.
Hər bir palata komitələrdən məruzə alandan sonra qanun layihəsinin müzakirəsinə başlayır. Nümayəndələr Palatasında ona ilkin olaraq palatanın bütün komitələri tərəfindən baxıla bilər. Orada palatanın 100 və daha çox üzvü iştirak edir və burada spiker deyil, seçilən sədr sədrlik edir.
Qanunverici prosesdə hər iki palata bərabər hüquqludur. Ona görə palatalardan biri bu qanun layihəsini qəbul etmirsə, o rədd edilmiş sayılır. Əgər qanun layihəsi hər iki palatada müxtəlif variantlarda qəbul edilibsə, bu müxtəlifliyi aradan götürmək üçün "barışdırıcı komitə" yaradılır. Ona hər iki palata öz nümayəndələrini təyin edirlər. Bu komitənin iclasları qapalı olur, əldə olunmuş razılığa palata nümayəndələri ayrı-ayrılıqda səs verirlər. Bu komitənin hazırladığı qanun layihəsinin yeni mətni hər bir palatada səsverməyə qoyulur. O ya qəbul edilir, ya bütövlükdə rədd edilir, ya da ona düzəlişlər daxil edilir. Əgər bu mərhələdə də qanun layihəsi hər iki palatadan biri tərədfindən rədd edilərsə, onda bu layihə yenidən əvvəlki və ya yeni barışdırıcı komitəyə göndərilir. Yox əgər hər iki palata qanun layihəsinin təklif edilən mətnini qəbul edirsə, barışdırıcı komitələr ləğv olunur. Qanun layihəsinin qəbul olunmuş mətnini Nümayəndələr Palatasının spikeri və Senatın sədri imzalayır.
Konqres tərəfindən qəbul edilən qanun layihəsi prezidentin imzalanmasına təqdim edilir. O, 10 gün ərzində ya qanun layihəsini imzalamalı, ya da geri qaytarmalıdır (bazar və bayram günləri istisna olunur). Prezident layihəni həmin palataya göndərir. Layihə qəbul edilmirsə, bu prezidentin "veto" hüququ adlanır. Konqres prezidentin vetosunu üstələmək üçün hər iki palatada təkrar səsvermədə 2/3 hissəsinin səsi ilə qanunu təsdiq edə bilər və o prezidentin imzası olmadan da qüvvəyə minir. Əgər Konqresin sessiyasının davametdiyi 10 gün ərzində prezident qanun layihəsi haqqında heç bir tədbir görmürsə, o qanun qüvvəsinə minir. Əgər prezidentə ayrılmış 10 gün müddət Konqresin işinin qurtarması ilə dayandırılarsa və qanun layihəsi prezident tərəfindən imza edilməyibsə o qüvvəyə minmir. Bu prezidentin "cib vetosu" adlanır. Konqres cib vetosunu aşa bilməz. Bunun üçün heç bir prosedura qaydası nəzərdə tutulmayıb.
Prezidentin onu imzaladığı gün; Konqresin prezident vetosunu aşdığı gün; qanun layihəsinin özündə nəzərdə tutulan gün qanun layihəsinin qüvvəyə mindiyi gün hesab olunur.
Ştatların qanunverici iclasları
(leqislatura)
Ştatlarda qubernatorların hakimiyyəti yerli qanunverici orqanlar vasitəsilə tənzimlənir. Öz struktur və metodlarına görə ştatların qanunverici iclaslarının işi Konqresin işinə oxşayır. Bütün ştatlarda qanunverici iclasların ABŞ üçün xarakterik olan iki palatalı sistemi mövcuddur. Nebraska ştatı istisna təşkil edir.
Qanunverici iclasların səlahiyyət müddəti müxtəlif ştatlarda müxtəlifdir: 46 ştatda Nümayəndələr Palatasının üzvləri iki illiyə seçilir, 4 ştatda isə 4 illiyə. Senatorlar isə 38 ştatda 4 illiyə, 12 ştatda isə 2 illiyə seçilir. Qanunverici iclasların ştatlarda sessiyalar keçirmə vaxtı da müxtəlifdir. Ştatların çoxunda sessiyalar hər il keçirilir, bəzi ştatlarda isə 2 ildən bir, ABŞ Konqresindən fərqli olaraq qanunverici iclasların sessiyaları qısa müddətdə – bir və ya iki ay ərzində keçirilir.
Ştatların qanunverici iclaslarında da komitələr fəaliyyət göstərir. Bir sıra ştatda isə hər iki palatanın birləşdirilmiş komitələri böyük rol oynayır. Qanunverici iclasların xarakterik cəhəti odur ki, ştatların çoxunda Nümayəndələr Palatasının spikeri dominant rolu oynayır. O nəinki qanunverici iclasda, həm də ştatda böyük təsir edən şəxsdir.
Palataların daxili quruluşu
Palataların sədrləri
Nümayəndələr palatasına siker rəhbərlik edir. Spiker Konqresin ilk sessiyasında Palatanın bütün üzvləri tərəfindən seçilir. Adətən üstünlük təşkil edən partiyanın nümayəndəsi Spiker olur.
Spiker ABŞ-nin dövlət iyerarxiyasında yüksək yerlərdən birini tutur. O, Prezident məsəbinin ikinci varisi hesab olunur. Yəni vitse-prezidentdən sonra boşluq yarandıqda siker ABŞ prezidenti mənsəbini tutur.
Spikerin səlahiyyəti və funksiyaları xeyli genişdir. O, Nümayədələr Palatasının bütün fəaliyyətinə rəhbərlik edir, gündəliyi müəyyən edir, müzakirə və debatları təşkil edir, iclas zamanı qaydanı və müəyyən olunmuş prosedur məsələlərinə dair mübahisələri həll edir, bu və ya digər qanun layihəsinin hansı komitə tərəfindən baxılmalı olduğunu qəti müəyyən edir, razılaşdırıcı komitənin üzvlərini təyin edir, yeni seçilmiş üzvlərin siyahısını tərtib edir, palatanın möhürünü saxlayır. Spikerin ən mühüm səlahiyyətlərindən biri "tanıma hüququ" adlanır. Bu hüquq o deməkdir ki, qanun layihələrinin müzakirəsi zamanı konqresmenlərin söz alıb-almaması, yaxud da hər hansı təkliflə çıxış etmək üçün ona imkan verilib-verilməməsi bütünlüklə spikerin mülahizəsindən asılıdır.
Spiker müzakirələrdə və səsvermədə iştirak hüququnu saxlayır. Lakin adətən spiker səslər bərabər olduqda səsvermədə iştirak edir və onun adı səsvermə siyahısına daxil edilmir.
Nümayəndələr Palatasının seçdiyi bütün vəzifəli şəxslər spikerə hesabat verir. Spiker həmçinin Palatanın məmurlarına ( Nümayəndələr Palatasının klerki, katiblər, pristav, kapellan, poçtmeyster və parlament təcrübəsi üzrə ekspert) – rəbərlik edir. Parlament təcrübəsi üzrə ekspert spikerə və konqresmenlərə hüquqi və texniki məsləhətlər verir, bu və ya digər prosedur qaydasının təfsiri və tətbiqinə dair mübahisələr olduqda rəy verir.
Senatın sədri vəzifəyə görə vitse-prezidentdir. Vitse-prezident Senatın iclaslarını apara və yalnız səslər tən yarı bölündükdə səsvermədə iştirak edə bilər. Lakin təcrübədə vitse-prezident bu hüquqdan nadir hallarda istifadə edir. Senat vitse-prezidentin olmadığı bütün müddət üçün müvəqqəti sədr seçir və o, Palatanın işinə faktik rəhbərlik edir.
Senat sədrinin səlahiyyətləri spikerin səlahiyyətlərinə oxşardır, akin nisbətən məhduddur. Belə ki, onun "tanıma hüququ" yoxdur. Senatın özünün ayrıca məmurları vardır. Buraya Senatın katibi, kapellan, pristav, qanunvericilik məsəslələri üzrə müşavir aiddir.