Hacı Ağabəy Sultanov (1938, Bakı – 2007, Bakı) — tibb elmləri doktoru (1972), professor (1973), Əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2007), Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, BMT-nin psixiatriya üzrə Azərbaycandakı koordinatoru.[1][2]
Həyatı
Ağabəy Sultanov 22 fevral 1936-cı ildə Bakı şəhərində anadan olub. O, 1954-cü ildə orta məktəbi bitirərək, Azərbaycan Tibb Universitetinə daxil olub. 1960-cı ildə universitetin Müalicə-profilaktika fakültəsini bitirib.[2]
Əmək fəaliyyəti
Ağabəy Sultanov əmək fəaliyyətinə 1 №-li Respublika Psixiatriya Xəstəxanasında həkim kimi başlayıb. 1962-1963-cü illərdə Azərbaycan Tibb İnstitutunun Psixiatriya kafedrasında klinik ordinatura keçdikdən sonra, 1964-1967-ci illərdə Moskvada Elmi_Tədqiqat Psixiatriya İnstitutunun aspiranturasında təhsil alıb. O, bir müddət Moskva şəhərində Elmi-Tədqiqat Psixiatriya İnstitutunda işləyib. Ağabəy Sultanov 1968-ci ildən ömrünün sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasında müxtəlif vəzifələrdə çalışıb, 1990-cı ildən isə kafedranın müdiri vəzifəsini icra edib, Azərbaycanın baş psixiatrı olub. [3]
Azərbaycan Tibb Universitetində çalışdığı bütün bu dövr ərzində Ağabəy Sultanov tibbi kadrların yetişdirilməsi, ölkəmizdə psixiatriya xidmətinin təkmilləşdirilməsi, təbabət elminin inkişafı sahəsində böyük işlər görüb. [3]
Akademik fəaliyyəti
Ağabəy Sultanov 1967-ci ildə namizədlik, 1972-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib, 1973-cü ildə isə professor elmi adına layiq görülüb. Alim 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.[1]
Ağabəy Sultanov Bakıya qayıtdıqdan sonra Azərbaycanda psixiatriya tarixində ilk dəfə olaraq "Sosial psixiatriya" mövzusu üzrə geniş miqyaslı təhlillər aparıb. Alimin bu sahəyə həsr etdiyi elmi əsərləri, dərslik və dərs vəsaitləri Azərbaycanda klinik psixiatriya ilə yanaşı, sosial psixiatriyanın da inkişafına güclü təkan verib.[1]
Alimin elmi fəaliyyətinin əsas istiqamətini şizofreniya xəstəliyinin diaqnostikası, klinikası, müalicə üsullarının işlənib hazırlanması təşkil edir. Onun tədqiqat işlərinin nəticələri "Şizofreniyalı xəstələrin instinkt aləmindəki pozuntuları" adlı monoqrafiyasında və "Psixiatriya üzrə mühazirələr" (2001-ci il), "Лекции по психиатрии" (1992-ci il, rus dilində), "Психиатрия" (2001-ci il, rus dilində) adlı dərsliklərində, 8 metodik tövsiyədə öz əksini tapıb.[2]
O, psixiatriyanın müxtəlif problemlərinə həsr edilmiş 4 dərslik və monoqrafiyanın, 300-dək elmi məqalənin müəllifidir.[3] 50-dən çox elmi əsəri xarici ölkə mətbuatında çap olunub və onlara çoxsaylı istinadlar edilib. Onun rəhbərliyi və məsləhətçiliyi altında 9 fəlsəfə və 2 elmlər doktorluğu dissertasiyası müdafiə edilib.[1]
Hacı Ağabəy Sultanov dünyanın bir çox ölkələrində, o cümlədən Fransada, İspaniyada, İtaliyada, Yaponiyada, Belçikada, ABŞ-də, Kanadada, Türkiyədə, Misirdə, Avstriyada keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar edib. Bu çıxışların nəticələrinə əsaslanan materiallar həmin ölkələrin elmi məcmuələrində çap olunaraq müəllifə beynəlxalq aləmdə layiqli nüfuz qazandırıb.[2]
İctimai fəaliyyəti
Ağabəy Sultanov elmi-pedaqoji fəaliyyətlə yanaşı, həm də geniş diapazonlu ictimai işlərlə məşğul olub. O, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda psixiatriya üzrə koordinatoru, Ümumdünya Psixiatriya Federasiyasının həqiqi üzvü, Rusiya Tibb Elmləri Akademiyasının Psixi Sağlamlıq üzrə Elmi Şuranın Rəyasət Heyətinin üzvü olub.
Bununla yanaşı, o, Rusiyanın İntihara qarşı Problem Komissiyasının üzvü, Azərbaycan Tibb Universitetində Psixiatriya, Nevrologiya, Otorinolarinqologiya və Stomatologiya üzrə Müdafiə Şurasının sədri, Psixiatriya və Nevrologiya üzrə İxtisaslaşdırılmış Problem Komissiyasının sədri, Azərbaycan Respublikası Elmi Biliklərin və Texnologiyaların Etikası üzrə Komitənin üzvü, "Azərbaycan Tibb JurnalI" redaksiya heyətinin üzvü kimi fəaliyyət gösdərib.[2]
Mükafatları
Ağabəy Sultanov iki dəfə Beynəlxalq "Bakılı" Cəmiyyətinin "Humay" mükafatının laureatı (2001 və 2003) olub. O, AR Səhiyyə Nazirliyinin Fəxri Fərmanına (2003-2005), "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. Eyni zamanda 2006-cı ildə "Şöhrət" ordeni ilə təltif edilib və akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olub.[1]
Vəfatı
Ağabəy Sultanov 2007-ci il iyunun 12-də Bakı şəhərində vəfat edib.[3]
Filmoqrafiya
- Axırıncı addım (film, 1989)
- Fövqəldünya və ya qəsdsiz məntiqi səhv (film, 1992)
- Özgə vaxt (film, 1996)
- Hər şey yaxşılığa doğru
- Nə gözəldir bu dünya... (film, 1999)
- Oqtay Ağayev. Ötən günlər (film, 2004)
- Tilsim (film, 2005)
Xarici keçidlər
İstinadlar