İlk ifalarını Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarlar dinləyib. 19 yaşında Bakıya gəlir. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur və dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.[1]
Əbülfət Əsəd oğlu Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurarmışlar. Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.
Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişir. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalırlar. Təxminən dörd il Füzuli rayonunda yaşayır, sonra Ağdamda yerləşirlər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirir. Burada musiqi dərnəyinə yazılır, məlahətli səsi ilə diqqəti çəkir, məktəbin ictimai tədbirlərinə qatılır. Qarabağın el şənliklərində oxuduğu "Ay bülbüllər", "Kimə yalvarım", "Uca barıdan aşaram mən", "Uca dağlar" mahnıları musiqisevərlərin ruhunu oxşayır. Qısa müddətdə gənc musiqiçinin səs-sorağı rayon hüdudlarını aşır, Bakıdan dəvətlər alır. O, radioda ilk dəfə "Şuşanın dağları" mahnısını ifa edir. Beləliklə, 19 yaşlı Əbülfət taleyini birdəfəlik Bakıya bağlayır. Azərbaycan Dövlət Filarmoniyasının solisti olur, o dövrün tanınmış müğənniləri ilə birlikdə konsertlər verir. Görkəmli xanəndənin repertuarında "Dinə bilmədim", "Bu qala, daşlı qala", "Ay Pəri", "Endim bulaq başına", "Bülbüllər gəzər bağı", "Tel nazik", "Saçları burma", "Gəl-gəl", "Xal yanağında", "Qara gözlüm" kimi ümumilikdə 400-dən artıq xalq və bəstəkar mahnısı yer alıb.
1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1946-cı ildə Elza xanımla ailə həyatı qurub. 1947-ci ildə oğlu Rauf, daha sonra qızı Rəisə dünyaya gəlib.
1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxır. Ə.Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Ə.Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.
Ə.Əliyevin səsinin vurğunları Azərbaycanla yanaşı, onun hüdudlarından kənarda — İran, Misir, Hindistan, Almaniya və başqa ölkələrdə də çox olub. 1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.
"Azərbaycan SSR xalq artisti" (29 iyun 1964) fəxri adını alıb.
1967-ci ildə qüvvəyə minən yeni qanuna görə, iş yerləri arasında seçim etmək məcburiyyətində qalır və "mənim doğma idarəm Filarmoniyadır" sözləriylə seçimini ilk iş yerinin üzərində saxlayır.
27 dekabr 1990-cı ildə vəfat edib.
Dünyaya göz açdığı Şuşanı çox sevirdi. İşimlə əlaqədar uzun illər xarici ölkədə çalışmışam. Doxsanıncı ilin yayında Bakıya gəlmişdim. Qarabağın gərgin günləri idi, Şuşanın yolları bağlanmışdı. Atam Şuşanı görmək istəyilə alışıb-yanırdı. Şuşanın adını çəkəndə simasını kədər bürüyür, səsində bir qəhər hiss edilirdi... Çox vətənpərvər insan idi. İrəvana qastrol səfərinə gediblərmiş. Erməni tamaşaçıları onun ilk çıxışlarını sürəkli alqışlarla qarşılayırlar. Təkrar səhnəyə çıxanda tarzən Sərvər İbrahimova “gör indi türk mahnısı oxumaqla bunların kefinə necə soğan doğrayacağam” deyir. Səhnəyə çıxır, oxuyacağı mahnını elan etmədən tarzənə çalğıya başlamasını işarə edir. Zala bir sakitlik çökür. Bayaqdan bəri xanəndənin ifasını alqışla qarşılayan erməni tamaşaçıların üzərinə sanki qaynar su tökülür. Çıxışından dərhal sonra tənqid və məzəmmətlər başlayır. Bu mahnıya görə atamı çox incitdilər. Ermənilər rahat oturmadılar, Mərkəzi Komitəyə qədər şikayət etdilər, sonda töhmət aldı... Xaricdə olduğum vaxtlar məndən bərk nigaran olurdu. Hər məktubunda “ehtiyatlı ol, özündən muğayat ol” sözlərini dönə-dönə vurğulayırdı. Məktublarında ilk baxışdan xırda, əhəmiyyətsiz görünən məsələlər barədə belə məlumat verirdi. Atam ömrünün sonuna qədər qayğısını övladlarından və yaxınlarından əskik etməyib. İndi bu qayğının yerini onun boşluğu əvəz edib... Səhhətindən şikayət etməmişdi. Səsi korlanar deyə, soyuq su içməz, siqaret çəkməzdi. Spirtli içkilərdən də uzaq idi. 1990-cı ilin yayında səhhətindən şikayətçi olduğundan həkimə apardıq, mədə xərçəngi diaqnozu qoyuldu...”. Ancaq həkimlərin səyi, iynə-dərman bir nəticə vermədi. Ömrünün son 90 günü olmazın əzab-əziyyət çəkdi. Çox zaman ağrıdan səhərəcən yata bilmirdi. Belə gecələrdə “ay vicdansız, sənə görə içki içməmişəm, sən niyə belə üzüqara çıxdın” deyə ona vəfasızlıq edən qara ciyəriylə “dərdləşirdi”.[2]
Rauf Əliyev (oğlu)
1994-cü ilin 27 dekabrında filarmoniyada xatirə gecəsi keçirilib.[3]
2004-cü ildə haqqında sənədli film çəkilmişdir.[4]
Haqqında maraqlı faktlar
Xan Şuşiniski onun Məcnununu gördükdən sonra "sənin bu işin zor işdir" deməkdən özünü saxlaya bilməyib.
Bülbül "o vaxta kimi səhnəyə alış, qorxuram tez baxsam, sənin haqqında təəssüratlarım alt-üst ola" deyə 25-ci tamaşaya qədər onun ifasına baxmaqdan imtina edib. Və sözünün də üstündə durub. 25-ci tamaşada ön cərgədə oturaraq ürəyində sevinc qarışıq qorxu- həyəcan Opera Teatrının yeni Məcnununun ifasını izləyib. Sonra da pərdə arxasına keçərək, üz-gözündə təbəssüm xanəndənin əlini sıxaraq "səhnəmizdə Məcnunumuz da var" deyib.
Otuz yaşında Məcnunu oynamışdı, 40 yaşında isə "Məhəbbət cavana yaraşır. Şükür ki, mən də Məcnunu cavan yaşımda oynadım. Məcnunun atasını isə oynamağa həvəsim yoxdur" deyərək, canından artıq sevdiyi rola əlvida edib.