Örpək

Örpək — qadın baş geyim növü.

Zərif lif və tellərdən toxunan örpəklər materialına və ölçüsünə görə müxtəlif olmuşdur. Toxuculuq dəzgahlarında hazırlanan örpəklər yaş fərqinə və zümrə mənsubiyyətinə görə müxtəlif çeşid və rənglərdə hazırlanırdı. Azərbaycanda qədimdən istehsal olunan örpək son orta əsrlərdə xarici ölkələrə də ixrac edilirdi. Keçmişdə daş-qaşla bəzədilmiş və xalis qızıl, gümüş tellərdən toxunmuş örpəklər də yayılmışdı. Qadın örpəkləri arasında başlıca yer tutan kəlağayılar istehsal mərkəzlərinə görə (Gəncə, Basqal, Şəki, Şamaxı və s.) bir-birindən seçilirdi.

Tarixçəsi

Örpəklər hər zaman qadın baş geyimləri içərisində xüsusi yer tutmuşdur. Əvvəllər örpəyi kustar üsulla toxuyurdular. Fabrikdə hazırlanmış satınalma örpəklər isə XIX əsrin sonlarına doğru dəbə minmişdir. Zərif lif və ipək tellərdən toxunmuş örpəklər materiallarına və ölçülərinə görə müxtəlif olduqları kimi, rənglərinə, üzərindəki naxışların harmonik səciyyəsinə görə də bir-birindən seçilirdi. Örpəklər hazırlanarkən yaş fərqi və zümrə münasibətləri də nəzərə alınırdı. Belə ki, keçmişdə başına örpək salmış qadının maddi durumu, mənsub olduğu sosial təbəqə, cavan və ya yaşlı olması ilk baxışdanca nəzərə çarpırdı. Etnoqraf A. Mustafayev yazır ki, Şirvanın varlı qadınlarının yüksək qiymətləndirdiyi örpəklərdən biri "sərəndaz" olmuşdur. Onu əsasən toy-bayram günlərində örtürdülər. Sərəndazı başa qızıl sancaqla bərkidirdilər. Başqa vaxtlarda "naz-nazı", "bəlalə", "xaralı" kimi qiymətli ipək örpəklər də örtülürdü. Kübar qadınlar isə "bənarə" və "alafa" örpək örtürdülər. Adətən kübar qadınlar örpəyin rəngi ilə tumanın rəng uyğunluğuna xüsusi diqqət yetirərdilər.

Orta əsrlərdə, eləcə də XIX–XX əsrin əvvəllərində Azərbaycanda daş-qaşla bəzədilmiş, qızılgümüş tellərdən toxunmuş örpəklər yüksək təbəqə qadınlarının baş geyimləri dəstində başlıca yer tuturdu. Örpək sərbəst şəkildə başa örtülməkdən əlavə, çalma düzəldilməsində də istifadə olunurdu. Çalma bağlamaq üçün başa təsək qoyur, onun üstündən ləçək bağlayır və bundan sonra böyük bir örpək salıb çalma düzəldirdilər. Örpəyi diaqonal boyunca qatlayıb başa elə örtürdülər ki, onun qabaq hissəsi alını tuturdu. Bundan sonra onun kənar uclarını geriyə – boyunun arxasına aparıb, çarpaz şəkildə yenidən irəliyə qaytarır, burada yenidən çarpazlaşdırıb arxaya ötürür və orada bağlayırdılar.

Azərbaycanda yaşayan ingiloylar örpəyi bağlamaq üçün əvvəlcə onu çəp vəziyyətdə iki qatlayırdılar. Sonra onu tən ortadan alının üstündən başa salıb qanadlarından birini sağdan sola, digərini soldan sağa olmaqla boğazın altında dolayır və uclarını geriyə, kürəyin üstünə atırdılar. Bunun sayəsində qadının boğazı, sinəsinin yuxarı hissəsi və çiyinləri örpəyə bürünürdü. Örpək bu şəkildə bağlandıqda həm etik normalara əməl edilir, həm də soyuqdan qorunmaq olurdu.

Xüsusiyyətləri

Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda saxlanan örpəklər onun ölçülərinə də aydınlıq gətirir. Belə ki, burada Gəncə-Qarabağ bölgəsinə aid edilən və qaz-qazı parçadan hazırlanan örpəyin uzunluğu 132 sm, eni 53 sm, Şəkiyə mənsub olan digər bir örpəyin uzunluğu isə 177 sm, eni 50 sm-dir.

Örpəklər hazırlandığı parça materialına, rəng seçiminə, ölçülərinə, zümrə və yaş fərqinə görə fərqlənir.

"Kitabi-Dədə Qorqud" dastanında qadın baş geyimlərindən heç birinin adı çəkilmir. Ondan fərqli olaraq, orta əsrlərə aid mənbələrdə, xüsusilə Nizami Gəncəvinin "Xəmsə"sində Azərbaycan qadınları başı örpəkli və çalmalı təsvir olunur:

Çinlilər qaydası ilə başına Cəvahirlə bəzənmiş bir örpək salmışdı.

Örpək miniatür nümunələrində də təsvir olunur. Hətta örpəyin başa örtülməsinə görə qız və ərli qadın bir-birindən fərqləndirilir.

XVI–XVII əsrlərdə Azərbaycanda 7 növə yaxın qadın baş geyimi mövcud olmuşdur ki, bunların içərisində gözəl və əlvan naxışlı örpəklər xüsusilə seçilmişdir. XVIII əsr və XIX–XX əsrin əvvəllərində örpək kütləvi surətdə məişətə daxil olmuşdur. Azərbaycanda istifadə olunan örpəklərin çoxlu məhəlli-lokal növləri vardır. Belə ki, Şirvanda belə örpəklərin "sərəndaz", "naz-nazı", "qaz-qazı", "bəlalə", "xaralı", "alafa", "bənarə"; Lənkəran-Astara bölgəsində "Qaragilə", "Paxlava", "Yusif-Züleyxa", "Zəkiyyə"; Şəki-Zaqatalada "gülbəndi"; Quba-Xaçmazda "Zəkəriyyə", Naxçıvanda isə "Toksin", "Zərli örpək", "Baftalı örpək", "Bağdatı örpək" kimi növləri geniş istifadədə olmuşdur. Örpək Gürcüstandakı azərbaycanlılar arasında da dəbdə olan baş örtüyü idi. Türkiyədə ümumi adı "baş örtüyü" olsa da, qadınlar örpəyin "yazma", "böyük bəyaz", "çevrə" və "çar" kimi növlərini geyim dəstlərinə daxil etmişdilər.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!