Öküz Mehmed Paşa (1557, İstanbul, Osmanlı imperiyası – 1619, Konstantinopol) — I Əhməd və II Osman səltənətlərində 2 dəfə — ümumilikdə 3 il 7 gün müddətinə sədrəzəm olmuş Osmanlı dövlət adamı. I Əhmədin qızı Gövhər Sultanla evlənmiş, bu səbəbdən Kürəkən Mehmed Paşa olaraq da tanınmışdır. Nəsli günümüzə qədər davam edən Öküz Mehmed Paşa vəfat edəndə Ayşə və Əli adında iki övladı var idi.
Həyatı
İstanbulda öküz nalbəndliyi ilə məşğul olan Qara Həsən adlı bir kəndlinin oğludur. 1567-ci ildə saraya alınaraq burada təhsil almağa başlamışdır. Ardından müxtəlif vəzifələrə gətirilərək 1606-cı ildə silahdarlığa yüksəldi. I Əhməd dönəmində vəzirlik rütbəsi verildi və Yəmənli Həsən Paşanın yerinə 1 aprel 1607 tarixində Misir bəylərbəyi seçildi. Bu vəzifədə ikən bölgədə mərkəzi hakimiyyətə tabe olmayan siyasi qruplara qarşı siyasi tədbirlər gördü. Bu səbəbdən yerli qaynaqlarda ikinci Misir fatehi olaraq anılmışdır. 5 ilə yaxın davam etdirdiyi Misir bəylərbəyliyi illərində bölgədə güclü memarlıq fəaliyyəti ilə də məşğul olmuşdur.[1][2]
Misirdə gördüyü xidmətləri mükafatlandırmaq üçün 1611-ci ilin sentyabrında paytaxta çağırıldı. Hələ yolda ikən Xəlil Paşanın yerinə kaptan-ı dərya olduğu haqda fərman aldı. Bu əsnada padşahın qızı Gövhər Sultana namizəd oldu. Paytaxtda qaldığı bu günlərdə Atmeydanında yerləşən İbrahim Paşa Sarayında qalmışdır. İstanbula möhtəşəm bir mərasimlə daxil olan Mehmed Paşa ilə Gövhər Sultanın nikahı o günlərdə bağlandı.[3] 27 sentyabr 1612 tarixində sədrəzəm Nasuh Paşa ilə paytaxta gələn Səfəvi elçisini qarşılamaq üçün 900 nəfərlik heyəti ilə qarşılama mərasimində iştirak etmişdir. Nasuh Paşa ilə I Əhmədin böyük qızı Ayşə Sultanın 16 oktyabr 1612 tarixində baş tutan nikah mərasimində sədrəzəmin vəkili olmuş, nikahın ardından Ədirnəyə gedən I Əhmədin yerinə 5 ay müddətinə taxt naibi olmuşdur. Padşahın paytaxta dönməsinin ardından sahillərin təhlükəsizliyini təmin etmək məqsədilə Kipr və Beyrut istiqamətində səfərə çıxdı. Ancaq səfər dönüşü donanmadan ayrılan 10 gəminin Florensiya gəmilərinə hücum etməsi və ardından məğlub olması səbəbilə döndükdən bir neçə gün sonra ikinci vəzirlik rütbəsilə saxlanılmaqla kaptan-ı dəryalıqdan alındı.[4]
Nəhayət, Nasuh Paşanın edamının ardından 17 oktyabr 1614 tarixində ilk dəfə sədrəzəm seçildi. Səfəvilərə elçi olaraq göndərilən İncili Mustafa Çavuşdan xəbər gəlməmiş, bu səbəblə Öküz Mehmed Paşa 23 aprel 1615 tarixində şərq səfərinə çıxmışdır.[5] Ordu Üsküdarı keçdikdən sonra İncili Mustafa Çavuş və Səfəvi elçisi Qasım xanın sülh müqaviləsi və hədiyyələrlə Van qalasına gəldiyi xəbəri gəlsə də, səfər təxirə salınmadı. Sədrəzəm Mehmed Paşa Hələbdə qışladıqdan sonra 1616-cı ilin aprelində Mərəş, Hələb, Trablus və Adanadan gələn dəstələrlə birgə Ərzurum-Qars istiqamətində irəlilədi və sentyabr ayında İrəvan qalası önlərinə gəlib çıxdı. 55 gün davam edən mühasirə ordu təchizatlarının əksikliyi səbəbilə uğursuzluqla nəticələndi. Ardından Ərzuruma çəkilən ordu böyük itkilər verdi. Nəticədə bu uğursuz səfərin günahkarı görülən Öküz Mehmed Paşa 17 noyabr 1616 tarixində vəzifədən alındı. İstanbula döndükdən sonra bir müddət indiki Bəylərbəyi Sarayının da yerləşdiyi Stavroz Bağçalarındakı saraylardan birində yaşadı.[3] II Osmanın cülus mərasimindən sonra sədrəzəm Xəlil Paşanın şikayəti ilə sədarət naibi olan Sofu Mehmed Paşanın yerinə Mehmed Paşa gətirildi.[6] Ancaq gözlənilən ümidləri doğrultmayan Xəlil Paşa vəzifədən alındı və Öküz Mehmed Paşa sədrəzəm seçildi. 1619-cu ilin aprelində Səfəvi elçisi Qasım xanın da iştirakı ilə təntənəli bir divan məclisi keçirildi. İkinci sədarət dönəmində yürütdüyü maliyyə siyasətilə xəzinə dolmuş, sabiq sədrəzəm Xəlil Paşanın başladığı sülh danışıqları 29 sentyabr 1619 tarixində müsbət nəticələndi. Ancaq daha sonra kaptan-ı dərya Əli Paşa ilə aralarında yaranan anlaşılmazlıq səbəbilə 23 dekabr 1619 tarixində vəzifədən alındı və yerinə İstanköylü Əli Paşa sədrəzəmliyə gətirildi. Yeni sədrəzəm Mehmed Paşanın bütün mal-dövlətini müsadirə etmiş və paytaxtdan uzaqlaşdırmaq məqsədilə Hələb bəylərbəyi təyin etmişdi. Maliyyə baxımından çətin vəziyyətə düşən və xəstəliyə tutulan Mehmed Paşa Hələbdə keçirdiyi 1,5 illik dövrdə dövlət işlərilə yaxından maraqlana bilməmiş, işlərin çoxunu tarixçi Həsənbəyzadə Əhməd Paşa və kəndxudası görmüşdür. Çox keçmədən xəstəliyi səbəbilə vəfat etmişdir. Həyatda ikən tikdirdiyi türbəsinə dəfn olunmuş, şəxsi əşyaları vəsiyətinə görə, xanımı Gövhər Sultana göndərilmişdir.
İstinadlar
- ↑ Târîh-i Âl-i Osmân, s. 43
- ↑ Safî Mustafa, II, vr. 119a-139a
- ↑ 1 2 Topçular Kâtibi Abdülkadir Efendi, s. 480–482
- ↑ Mehmed b. Mehmed er-Rûmî [Edirneli]nin Nuhbetü’t-tevârîh ve’l-ahbâr’ı, s. 685
- ↑ a.g.e., s. 715; Topçular Kâtibi Abdülkadir Efendi, s. 508–510
- ↑ Hasanbeyzâde Ahmed, II, 320; Târîh-i Âl-i Osmân, s. 44